(əvvəli burada https://lent.az/news/332527)
...Gecənin zil qaranlığında qapı taqqıltıyla elə döyüldü ki, böyüklü-kiçikli hamı yerindən dik atıldı. Kim idi, görəsən, belə bivaxt gələn? Həyətin darvazasını açanda iki nəfər tanımadıqları şəxslə qarşılaşdı evin böyüyü.
- Gecəniz xeyir... Ənvər babanın evidir?
Tanımadıqları vaxtsız qonaqlara “elədir ki, var” dedilər. Bir qədər də duruxandan sonra içəri dəvət etdilər onları. Hə, təkcə o iki nəfəri də yox, sən demə maşında daha üç nəfər varmış. Evə girənədək, gecənin bu zülmət qaranlığında, soyuğun iliyə qədər işlədiyi saatda samovar qaynayanadək o 3 nəfər susacaqdı. Bir də süfrəyə çay veriləndə tanışlıq başlayacaqdı. Və... Və məlum olacaqdı çox uzaqdan gəliblər bu dinməz qonaqlar. Həm də elə bir iş üçün gəliblər ki…
***
Qurd Bayramdayıq. Bakı-Qazax yolunun 210-cu kilometrliyindən sağa yol burulur. Qarabucaq kəndindən. Təxminən 20 kilometrədək palçıqlı, yoldan başqa nəyə desən oxşayan bir “yol”. Təsəvvür edin, Bakıdan Kürdəmirə qədər 200 kilometr yolu nə vaxta qət edirsənsə, təxminən 20 kilometrlik yola da o qədər zaman ayırırsan. Qurd Bayramdan bir qədər aralıdasa, Qurdlar adlı kənd olub. İndi oralar xarabalığı xatırladır. Yeri gəlmişkən, həmin məkan həmişə xəzinə axtaran həvəskarların maraq dairəsində imiş. Gecələr gəlib o əraziləri qazıq-qazıq edənlər də olub. Bu da səbəbsiz deyil. Çünki eyni hal Şamaxı rayonunun Qurdtəpə kəndində də baş verib. Buna səbəb isə əsası olmayan rəvayətlərdir. Vurub-tutan, karvan basan qurdların əlahiddə varlı olması, əldə etdikləri qızılları isə gizlin yerlərdə gizlətmələri indinin özündə də bu yerlərdə ağızdan-ağıza dolaşır. Ortada, təbii, gizli bir xəzinə yoxdur. Amma…
Amma ortada başqa bir xəzinə var: qurdlar və qurdların mistik və simvollarla dolu dilləri. Bu dili və ənənələri yaşadanlar isə az qala barmaqla sayılacaq qədərdir Azərbaycanda. Elə Feyruz baba kimi.
Qurd Cəbrayılın nəvəsidir. Atası Kamran kişi də babası kimi vuran-tutan olub. Deyir, bizləri hələ də qurd Şelli kimi çağırırlar.
- Qurd dilini az adam bilir. Mənim nəvələrim belə bu dildə 5-6 söz bilə, ya yox. Özümdən asılı deyil. Bir də gördüm nəvələrdən kimlərisə çağırıram, deyirəm ki, dənəxorlara yem tök. Düzdür, başa düşürlər nə deyirəm. Amma özləri bir-birinə “toyuğa dən tök”, “yem tök” deyirlər. Unudurlar dili. Ya mən deyirəm şirinpəsi gətir, tez qəndqabını verirlər. (Gülür)
Feyruz babanın üz cizgiləri qıpçaqları xatırladır. Onun qardaşı oğlanları Fazilin, Adilin, Valehin də eləcə.
Valeh danışır ki, babaların dediyinə görə, qurd adı onlara canavar xislətli olduqları üçün verilib.
- Yırtıcı kimi demirəm e. (Gülür) Yəni mərd, qorxmaz, ipə-sapa atmayan. Sən bilirsən də yəqin, canavar yeganə heyvandı ki, əhliləşmir.
- Mənim bir dostum var, Elçin Musaoğlu, rejissordu, o, “Nabat” filmində canavarı çəkib, əhliləşdirilmiş canavarı.
- Yox, bu mümkün deyil. O 100 faiz itdən dönmə olub, ya da itlə qarışığı var.
Söhbətə yenə də Feyruz baba qoşulur. Deyir, qurdlarda bir məsəl var: “Canavar görəndə salavat çevir”. Bu bir ehtiramdı, biz qurdlardan, o qurdlara”.
Adil isə maraqlı bir misal çəkir:
- Deyirlər ki, qurda qarğış etmək olmaz. Nə vaxtsa, bədbəxt hadisəylə rastlaşarsan. Bir də deyirlər ki, canavar görəndə salam ver, səninlə işi olmaz.
Həmsöhbətlərim bir maraqlı məqamdan da söz açırlar. Sən demə, qurd dilindəki sözlərin Azərbaycan dilində qarşılığı öz yerində, hansısa simvolikası da varmış.
- Məsələn, bir şeir var. Deyir, “mən qurd dili bilirəm, tappur-tuppur gəlirəm”. Bu tappur-tuppur nə məsələdi, nə deməkdi, heç kim bilmir. Cəbrayıl babamın vaxtında o nəsil simvolikayla da danışa bilirmişlər. Amma sonradan bu danışıq tərzi yoxa çıxıb. Nəsillər itirib.
Qurd dilində bir çox sözlərin Azərbaycan dilindəki qarşılıqları da maraqlıdır. Məsələn, söhbətləşdiyim qurdlar deyir ki, onlarda olan “kibar” sözü, “böyük vəzifə adamı” anlamına gəlir. “Yekəsər” isə varlı kişi.
“Xırdəkər” qız uşağına deyirlər qurdlar. Elə Xırdaxanım, Xırdabəyim adları da onlarda çox populyardı. Və daha bir unikal söz və onun qarşılığı. Sən demə, qurdlar bizim dildəki “gizli” sözünü “ovuc” kimi işlədirlər.
Bu daha yaxşı səslənmirmi? Ovucu içində nə olduğunu bir kimsə bilmir, düzdürmü? Yəni gizlidi də hamıdan.
Bunu isə Fazil deyir.
Qurd dilində qadına “tüngü” deyirlər. Bu sözün kökü isə “tüng” sözündən götürülüb. “Tüng” isə tük deməkdi. Söhbət uzun qadın saçlarından gedir.
Əslən Kürdəmirin Muradxanlı kəndindən olan filoloq Elçin İsmayılov qurdlar, onların türk etnosuna aid olması barədə maraqlı bir araşdırma aparıb. Elçin müəllim deyir ki, APİ-ni (İndiki Pedaqoji Universiteti) bitirdikdən sonra təyinatla Qurd Bayram kəndində müəllim işləyib.
- Mən ora təzə gəlmişdim. 1988-1989-cu illər idi. Orda müəllim işləyirdim. Kənd camaatına qaynayıb-qarışmışdım. Bəzən görürdün ki, yaşlı adamlar, bir-biriylə qəribə dildə danışırlar. Mən də başladım maraqlanmağa. Məlum oldu ki, bu, qurd dildir. Mən təyinatım bitəndən sonra şəhərə qayıdıb, universitetdə dərs deməyə başladım. Amma bu dilə olan maraq məni o qədər götürdü ki, vaxtım olduqca bu kəndə gəlib qocalarla danışırdım. Abbas kişiylə, Hümbət babayla, Əli əmiylə saatlarla söhbət edirdim. Nəticədə, bir xeyli sözün bizim dildə qarşılığını öyrəndim, onları bir yerə yığdım. 100-dən çox sözdür.
Elçin müəllim deyir ki, hazırda kənddə bu dili yaşadan xeyli adam var. Amma ilk növbədə Feyruz babanın adanın çəkə bilər.
- Çox cəsur insanlardı bu adamlar. Elə adlarına uyğun, qurddular ki, qurd. Olduqca qoçaq və zəki insanlardı. Göyçayda da Qurdlar məhəlləsi var, bu nəsildəndi. Şamaxıda Qurdtəpə. Sizə bir söz deyim, əslində Gürcüstandakı imeretilərin dillərində də qurd sözləri var. Araşdırsan, bəlkə də bir ucu gəlib bunlara çıxır. Məsələn, imeretilər kəfənə “bez” deyir bunlar kimi. Ya toya “dügün”, qovurmaya “kaurma”. Bunlar “atasız” deyir, imeretilər yetim. Yəni belə qarşılıqlar çoxdur. Bəzən deyirlər qurd dilinə fars dilinin böyük təsir olub. Qətiyyən elə deyil. Qurd dili müstəqil dildir və araşdırılmaılıdır. Elə sözləri də var ki, bizim dilə də keçib və işlənib. Amma təbii, indi o sözlər də bizim dilimizdən itib gedib.
Sonradan Elçin müəllimin köməkliyi ilə qurd dilindəki bir çox sözlərin Azərbaycan dilində qarşılığını verən kiçik bir lüğəti əldə etdik. Lüğətə göz gəzdirəndə “knoy” ismi diqqətimi çəkdi. Anındaca rəhmətlik Fikrət əmim yadıma düşdü. O, kiçik olanda görüşərkən bizi qucaqlayıb öpər, ardınca əzizləyərək deyərdi: “Ay knoy, knoy, knoy”. “Knoy”un bizim dilimizdə qarşılığı isə “oğru, əliəyri” deməkdir…
(Davamı var)